Nəsibə Zeynalovanın 100 illik yubileyi keçirilib

14:15 - 25 Noyabr 2016 - Mədəniyyət

Noyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında teatr və kino sənətimizin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley gecəsi keçirildi.
Tədbir Azərbaycan Respublikası Prezidentinin Nəsibə Zeynalovanın 100 illik yubileyi haqqında sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdu. Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları, sənətsevərlər iştirak edirdi.
İştirakçılar əvvəlcə teatrın foyesində Nəsibə Zeynalovanın həyat və fəaliyyətindən bəhs edən, oynadığı rolların əks olunduğu fotosərgi ilə tanış oldular.
Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev unudulmaz aktrisanın həyat yoluna nəzər saldı. Bildirdi ki, Nəsibə xanım Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində və ekran əsərlərində məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir: "Milli teatrımızın inkişafında müstəsna rol oynayan, teatrımızın məsuliyyətini ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Azərbaycan milli realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdandan az müddət sonra Cahangir Zeynalov dünyasını dəyişib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirə bildi".
Qeyd edildi ki, Nəsibə Zeynalova 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz-sovxoz teatrında aktrisa işləməyə başlayıb. Daha sonra Nəsibə xanım 4 aprel 1938-ci ildə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Ədalət Vəliyev vurğuladı ki, Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib.
Qeyd olundu ki, böyük tamaşaçı sevgisi qazanmış Nəsibə Zeynalovanın sənəti hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev də hər zaman onun sənətinə, şəxsiyyətinə qayğı ilə yanaşıb. Nəsibə xanım Xalq artisti fəxri adına, Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülüb. Vaxtilə yaşadığı binaya barelyefi vurulub. Prezident İlham Əliyevin Nəsibə Zeynalovanın 100 illiyi haqqında sərəncamı unudulmaz aktrisanın sənətinə qiymətin, xatirəsinə ehtiramın nümunəsidir.
Nazir müavini bildirdi ki, Nəsibə Zeynalovanın yubiley tədbirləri il ərzində müxtəlif mədəniyyət ocaqlarında qeyd olunub, sənətkarın xatirəsi hər zaman xalqın, sənətsevərlərin qəlbində yaşayacaq. Azərbaycan teatrını bu teatrın inkişafında misilsiz xidmətləri olan Nəsibə Zeynalovasız təsəvvür etmək mümkün deyil.

Daha sonra Nəsibə Zeynalovanın rol aldığı filmlərdən, tamaşaların lent yazılarından kadrlar nümayiş olundu, oynadığı tamaşalardan parçalar göstərildi. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemət, Nəsibə xanımla birlikdə çalışmış aktyorlar sənətkar haqqında xatirələrini bölüşdülər.

Aktrisanın oğlu Cahangir Novruzov yubiley tədbirinin təşkilinə, Nəsibə Zeynalovanın xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.


Xəbər xətti