Türkiyənin BOTAŞ şirkəti cari ilin sonunadək 36,5 mlrd. kubmetr qaz idxal etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 4,1 mlrd. azdır. "APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dövlət şirkəti ötən il 40,6 mlrd. kubmetr təbii qaz idxal edib.
BOTAŞ ötən illə müqayisədə Rusiyadan qaz idxalını 3,99 mlrd. kubmetr azaltmağı planlaşdırır.
Bununla yanaşı, şirkət İran, Azərbaycan və Əlcəzairdən idxal olunan qazın həcmini artırmaq niyyətindədir. Ötən il Azərbaycandan 6,17 mlrd. kubmetr qaz idxal edən şirkət bu il bu rəqəmi 6,5 mlrd. kubmetrə (0,33 mlrd. kubmetr artıq) çatdırmağı planlaşdırır. 2015-ci ildə İrandan 7,83 mlrd. kubmetr təbii qaz alan BOTAŞ bu il bu rəqəmi 7,85 kubmetrədək artırmağı nəzərdə tutub. Ən ciddi artım Əlcəzairin payına düşür. Belə ki, BOTAŞ Şimali Afrika ölkəsindən bu il 4,38 mlrd. kubmetr təbii qaz idxal etməyi planlaşdırır. Halbuki, ötən il şirkət Əlcəzairdən 3,92 mlrd. kubmetr qaz alıb.