Bu ilin ilk üç rübü ərzində “Şahdəniz” yatağının işlənməsi üzrə konsorsiumu ümumi layihə üzrə fəaliyyətə təqribən 3,104 mlrd. dollar xərcləyib. Bu barədə "Report"a yatağın operatoru olan “BP-Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% azdır.
Xərclənmiş vəsaitin 334 mln. dollarını əməliyyat xərcləri, təqribən 2,77 mlrd. dollarını isə əsaslı xərclər təşkil edib. Əsaslı xərclərin böyük hissəsi "Şahdəniz Mərhələ 2" layihəsinə aiddir.
Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.