Fövqəladə Hallar Nazirliyi “Sərnişin kanat yollarının və funikulyorların texniki təhlükəsizlik Qaydaları”nı təsdiqləyib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, bu Qaydalar təhlükə potensiallı obyektlər olan sərnişin kanat yollarının və funikulyorların quraşdırılması, təmiri və istismarı üzrə təhlükəsizlik tələblərini müəyyənləşdirir. Qaydalar kanat yollarının və funikulyorların quraşdırılması, təmiri və istismarı zamanı texniki təhlükəsizliyin təmin olunmasına, o cümlədən bədbəxt hadisələrin, qəzaların və digər halların qarşısının alınmasına yönəldilib. Kanat yollarının trasının yerləşdirilməsi, kanat yollarının istismarı və dayandırılması zamanı sərnişinlərin, personalın və üçüncü şəxslərin təhlükəsizliyi təmin edilməlidir. Kanat yollarının trasının yerləşdirilməsi zamanı xilasetmə işləri nəzərə alınmaqla, landşaftın xüsusiyyətləri və təbii xarakterli təhlükələr nəzərə alınmalıdır. Yerüstü kanat yollarının trası yan təcil (döngələrdə sürətin dəyişməsi), kanatın roliklərdən keçməsinin etibarlılığı, təkərlərə yükün bərabər paylanması, nəqliyyat vasitəsinin (kabinə) xarakteristikası və sərnişinin əl çatma diapazonu nəzərə alınaraq seçilməlidir. Vaqonun döşəməsinin üfüqi xəttə nisbətən uzununa maksimal meylliliyi +/- 11°30'-dən artıq olmamalıdır. Bu halda rels yolunun üfüqi xəttə nisbətən maksimal faktiki meylliliyi +/- 60°-dən artıq olmamalıdır. Gedilən sahənin uzunluğu müəyyən olunarkən kanatın sallanması nəticəsində kolodka əyləci (tormoz) işə düşdükdən sonra aşağı stansiyaya doğru gedən vaqonun əyləc yolu və kanatda sallanma yaranması, hərəkətin istiqamətinin dəyişməsi və ya sürətin artması səbəbindən kolodka əyləclərinin azad olunması ilə nəticələnən inersiya üzrə yuxarı stansiyaya doğru hərəkəti zamanı tormoz yolu nəzərə alınır. Kanat yolunun dönmə radiusu 50 m-dən az olmamalıdır. Qəza rejimində yavaşıma 3,2 m/s2-dən çox olmamalıdır.
Asma kanat yolları planda düzxətli olmalıdır. Kanatın planda dayaq üzərində daşıyıcı kanatlar üçün 17 dərəcədən çox olmayaraq, daşıyıcı-dartıcı kanatlar üçün 30 dərəcədən çox olmayaraq əyilməsinə icazə verilir. Kanat küləyin təsirindən və buz bağlama nəticəsində yüklənən zaman sallanmanın miqdarı işləməyən kanat yolları üçün nəzərə alınır. Yüklənmiş nəqliyyat vasitəsinin bərabərsürətli hərəkəti zamanı kanatın sallanmasına dinamik təsir daşıyıcı kanatlar üçün 10%, dartıcı və daşıyıcı-dartıcı kanatlar üçün 20% təşkil edir. Kanat yollarının qabarit ölçüləri müəyyən olunarkən kanat yolu işləyən zaman küləyin gücünün təsirindən kanatların və nəqliyyat vasitələrinin kənara çıxması, sallanması, həmçinin dayanması zamanı daşıyıcı, daşıyıcı-dartıcı, dartıcı və digər kanatların sallanmaları və kənara çıxmaları və kanat yollarının yerləşdiyi ərazidə normativ külək gücünün təsiri nəzərə alınmalıdır. Əlçatma zonasından üfüqi və şaquli xətt üzrə maneələrə qədər minimal ölçü, həmçinin qarşı-qarşıya gələn vaqonların əlçatma zonaları arasındakı məsafə 0,1 m olmalıdır. Tras boyunca personalın keçməsi üçün keçidlər əlçatan zonanın hüdudlarından kənarda yerləşməlidir. Keçidin minimal eni 0,6 m, minimal hündürlüyü 2 m olmalıdır. Tunellərdə və körpülər üzərində yerüstü kanat yollarının bir tərəfindən keçidin enini 0,3 m-ə qədər kiçiltməyə icazə verilir. Kanat yollarında tətbiq edilən polad kanatlar insan və yük təyinatlı, burulub açılmayan olmalıdırlar. Kanatların normativ tələblərə cavab verməsi uyğunluq sertifikatı ilə təsdiq edilməlidir. Kanat yollarının nəqliyyat vasitəsinə düşən bir sərnişinin yükü bir yerli nəqliyyat vasitəsi üçün 0,9 kN, iki və üç yerli nəqliyyat vasitəsi üçün 0,85 kN, dörd yerli nəqliyyat vasitəsi üçün – 0,8 kN və dörd sərnişindən çox nəqliyyat vasitəsi üçün – 0,75 kN-dan artıq olmamalıdır.
Kanat yolları təhlükə potensiallı obyekt kimi təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Kanat yollarının dövlət reyestrində qeydiyyatı Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Kanat yolları onların istismarına başlanıldığı gündən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün kanat yolunu səciyyələndirən məlumatlar Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi tələblərə uyğun sənədləşdirilərək qeydiyyat orqanına təqdim edilməlidir.