Azərbaycanın investisiyası hesabına qurulan magistral yolda oğurluq oldu - Serbiyada

12:01 - 17 Noyabr 2016 - HADİSƏ

Serbiyanın mərkəzi hissəsindən keçən 11 saylı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi açılışdan cəmi on gün sonra iki kilometr uzunluğunda metal çəpər və 20 ədəd kanalizasiya qapağından məhrum olub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Belqrad və Adriatik dənizini əlaqələndirən 11 saylı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Liq-Prelina avtomobil yolu noyabrın 7-də baş nazir Aleksandr Vuçiç tərəfindən təntənəli şəkildə açılıb. Uzunluğu 40,3 km. olan müasir sürətli magistral yolu ümumilikdə Azərbaycanın yatırdığı investisiya və Serbiyanın dövlət büdcəsindən ayrılan 308 milyon avro hesabına başa gəlib. Yolun üzərində 66 körpü və 5 tunel salınıb, həmçinin işıqlandırma sistemi və metal çəpərlər quraşdırılıb.
Serbiya hökuməti rəsmi bəyanatla vətəndaşları oğurluğa son qoymağa çağırıb:
"Liqadan Prelinə qədər olan avtomobil yolunda açılışdan on gün sonra artıq təqribən 2 min metr uzunluğunda yol boyu quraşdırılan dəmir çəpər və 20 kanalizasiya qapağı oğurlanıb. Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi bütün Serbiya vətəndaşlarını, xüsusilə də avtomobil yolu ətrafında yaşayan və ondan istifadə edən insanları müdafiə çəpərlərini kəsməməyə və oğurlamamağa və bununla da hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağa çağırıb".

Xəbər xətti