Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) növbəti dəfə ABŞ dollarının rəsmi məzənnəsini artıraraq 6,8592 yuan səviyyəsində təsdiqləyib. "TASS" agentliyinin verdiyi xəbərə görə, bu məzənnə 19 avqust 2008-ci ildən etibarən ən maksimal hədd sayılır. Xatırladaq ki, Çin yuanı ardıcıl 9 gün dollarla müqayisədə enməyə davam edir. ÇXB belə bir valyuta siyasəti mexanizmini ən son 2015-ci ilin dekabr ayında tətbiq edib. Nağd valyuta bazarında isə hazırda məzənnə 6,87 CNY/USD-dir.
Qeyd edək ki, ÇXB 2015-ci ilin avqust ayından etibarən yuanın məzənnəsinin optimallaşdırılması qərarı verib və bunu yuanın digər valyutalarla müqayisədə möhkəm olması ilə izah edib. Ötən dövr ərzində dolların məzənnəsi 6,20 CNY/USD səviyyəsindən 11% artıb. Məzənnənin minimal həddi isə 2014-cü ilin yanvarında (1,04 CNY/USD), maksimal həddi isə 1995-2005-ci illərdə (8,28 CNY/USD) qeydə alınıb. Hazırda məzənnə maksimal həddən 17% aşağıdır.
"Report"un analitik qrupu CNY/USD məzənnəsinin ilin sonuna qədər 7,00 səviyyəsinə çatacağını, hətta bu səviyyəni ötə biləcəyini proqnozlaşdırır. ÇXB-nin yuanı devalvasiya etməsi ABŞ-ı bu ölkəyə əlavə gömrük rüsumları tətbiq etməyə vadar edə bilər. Belə ki, ABŞ hökuməti dəfələrlə Çini yuanın məzənnəsi ilə manipulyasiya etməməyə çağırıb. Hazırkı şərait isə onsuz da bu qərarı seçki öncəsi çıxışlarında vurğulayan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa rahat şəkildə bu ölkədən idxal olunan mallara məhdudiyyətlər qoymağa imkan verəcək. 2017-ci ildə isə CNY/USD məzənnəsinin 7,70-ə yaxınlaşacağı istisna edilmir.