Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının dəyər ifadəsində istehsal həcmi 2 216,5 mln. manat təşkil edib.
Ucnoqta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,4% azalıb.
Bu ilin yanvar-oktyabr ayları ərzində 944,5 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azdır. Hesabat dövründə 23,4 min ton benzin ehtiyatı olub.
Bu ilin 10 ayı ərzində neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 152,9 min ton, ağ neft istehsalı 526 min ton, dizel yanacağının istehsalı 1 950,1 min ton, yanacaq mazutunun istehsalı 445,4 min ton, sürtkü yağlarının istehsalı 9,2 min ton, neft bitumunun istehsalı 155,4 min ton, neft koksunun istehsalı 162,7 min ton təşkil edib. Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 5,9%, ağ neft - 8,3%, dizel yanacağı - 17,5%, sürtkü yağları - 52,8%, neft koksu - 15,9% azalıb. Hesabat dövründə yanacaq mazutunun istehsalı 47%, neft bitumunun istehsalı isə 9,4% artıb.