Azərbaycanda yeraltı qaz anbarları payız-qış mövsümünə tam hazırdır. SOCAR-ın "Azneft" İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, yeraltı qaz anbarlarına qazvurma mövsümü bu ilin aprel ayında başlayıb və "Azneft"in Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən istismar edilən "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına təbii qazın vurulması noyabr ayında uğurla başa çatdırılıb.
Qazvurma mövsümü ərzində anbarlara ümumilikdə 1 mlrd. 987 mln. kubmetr qaz vurulub. Keçən ildən qalan qalıq qazla birlikdə yeraltı qaz anbarlarındakı aktiv qazın miqdarı 2 mlrd. 871 mln. kubmetr təşkil edib. Bu ölkənin payız-qış mövsümündə təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində əldə olunmuş yüksək göstəricidir.
Bu il ölkə ərazisində qış mövsümünün daha tez başlaması və respublika əhalisinin qaza olan tələbatının artmasını nəzərə alaraq, Qaz Anbarları İstismarı İdarəsində qazgötürmə mövsümünə daha tez başlanılıb.
Bununla bağlı olaraq bu ilin oktyabr ayının 24-dən qazgötürmə mövsümü başlanıb. 14.11.2016-cı il tarixinə olan məlumata əsasən, yeraltı qaz anbarlarından 185,6 mln. kubmetr qaz götürülərək təhvil verilib ki, bunun da 167,8 mln. kubmetri “Qaradağ”, 17,7 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Hazırda anbarlardakı aktiv qazın həcmi 2 mlrd 685 mln. kubmetr təşkil edir.