“Azərbaycana səfərim çərçivəsində hal-hazırda mövcud iqtisadi çağırışlar dövründə ölkəyə hansı şəkildə səmərəli dəstək verəcəyimizi müzakirə edəcəyik”. “APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) vitse-prezidenti Vençay Zanq deyib.
Onun sözlərinə görə, iki gün ərzində Azərbaycanın ADB-yə üzv olduğu gündən bəri aparılan əməkdaşlıq müzakirə olunub: “Azərbaycanın son iqtisadi durumu haqqında məlumat almaq üçün Bakıdayam. 17 il ərzində Asiya İnkişaf Bankı Azərbaycana təxminən 2,8 milyard dollar kredit ayırıb. Hal-hazırda isə hökumət rəsmiləri ilə 2017-2019-cu illəri əhatə edəcək fəaliyyət və əməkdaşlıq planlarını da müzakirə edirik”.
V. Zanq əlavə edib ki, səfər çərçivəsində struktur islahatlar, gələcək inkişaf, texniki yardım məsələləri də əsas müzakirə mövzusu olacaq.