Rauf Əliyev: “Onların boyu 1.95 metrdir, bizimkilərinki 1.65”

15:56 - 15 Noyabr 2016 - İDMAN

Milli komandamızın və “İnter”in üzvü Rauf Əliyev Qol.az-ın suallarını cavablandırıb. Zədəsini sağaltdığını deyən hücumçu millimizin Şimali İrlandiyaya uduzduğu oyun (0:4) haqda danışıb.


- Yüngül məşqlər edirəm. Komanda ilə çalışmaq bir az tezdir. Ağrılarım yoxdur. Hər şey normaldır. Yəqin ki, ayın sonuna qədər tam hazır olacam.

- DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya ilə səfər oyununda baxımlı qol vurmuşdun. Yəqin ki, bu rəqiblə oyuna televiziyadan baxmaq sənin üçün çətin idi.
- Əlbəttə. Həmişə millidə olmuşam. Bu dəfə də komandama kömək etmək istəyirdim. Təəssüf ki, zədəli oldum.


- Demək olarmı 2013-cü illə müqayisədə indi Şimali İrlandiya millisi komandamızdan güclüdür?
- Rəqibin bu oyuna çox ciddi hazırlaşacağı bəlli idi. Millimizin son oyunlardakı nəticələrindən sonra onlar da bilirdi ki, bu oyun asan olmayacaq. Yəqin ki, əvvəlki illərə nisbətən indi Azərbaycanla oyuna daha ciddi hazırlaşmışdılar. Bütün matçı da standart vəziyyətlər üzərində qurmuşdular ki, istəklərinə nail oldular. Onların qalib gələcəyi hardasa gözlənilən idi. Ancaq komandamızın böyük hesabla məğlub olması gözlənilməz oldu.


- Səncə, hesab oyuna görə olmadı?
- Millimizin əvvəlki oyunlara nisbətən bir az zəif oynadı. Bunu hesaba görə demirəm. Əvvəllər daha istəkli, aqressiv komanda görürdük. Sanki bu oyunda futbolçularımız bir qədər çəkindi. Bəlkə də ilk qollar tez vurulduğu üçün nəticə belə oldu. Ümumi götüründə komandamız o qədər də aqressiv deyildi.


- Millimizdə yeni hücumçular var. Onlar haqda nə deyə bilərsən? Komandamızın hücum xəttindəki çatışmazlığı aradan qaldıra bilərlər?
- Hər ikisi komandamıza xeyir verə bilər. Deniz Yılmazın səviyyəsi görünürdü. Hiss olunurdu ki, superliqada oynayır. Verdiyi ötürmələri gördük. Bir epizodda qola yaxın oldu. Bir sözlə səviyyəli oyunçudur. Ramil Şeydayevə gəldikdə, meydanda o qədər də görünmədi. Bəlkə də ilk hissədə komandamız yaxşı çıxış etmədiyi üçün belə oldu.


- Bəlkə, komandamızda hücumçuları topla yaxşı təmin etmirlər?
- Ola bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, Şimali İrlandiyanın müdafiəçiləri İngiltərə Premyer Liqasında oynamış futbolçulardır. Onlar dünyanın ən güclü hücumçularına qarşı mübarizə aparıb. Səviyyələrini göstərirdilər. Ona görə də bizim futbolçulara çətin idi. Rəqib heç bir epizodda səhvə yol vermədi. Hiss olunurdu ki, millimizə qarşı çox ciddi hazırlaşıblar. Bizim uşaqları da çox qınamaq olmaz.  Çünki rəqib futbolçularının boyu 1.95 metrdir, bizimkilərdə isə 1.65. Bu vəziyyətdə mübarizə aparmaq çox çətindir.


- Əslində bu məsələdə Robert Prosineçki bir qədər tənqid olundu. Yəni daha çox bəstəboy oyunçulara şans vermişdi.
- Milliyə çağırılan futbolçuların əksəriyyəti hündürboy deyil. Ehtiyyat oyunçular skamyasında da ucaboy futbolçumuz yox idi.

Xəbər xətti