Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda yaranmış avtonəqliyyat vasitələrinin sıxlığı problemi tam həll olunub. Ucnoqta.az xəbər verir ki, bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, DGK rəhbərliyinin Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 avtonəqliyyat vasitəsinin sərhəddi keçməsi təmin edilib.
Xatırladaq ki, Rusiya istiqamətində yerləşən sərhəd-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olması ilə əlaqədar Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı yaranmışdır. Problemin operativ şəkildə həll edilməsi məqsədi ilə noyabrın 11-də DGK rəhbərliyi Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət edib, eyni zamanda həmin gün sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.
Noyabrın 12-də isə DGK sədri Aydın Əliyev şəxsən “Samur” gömrük postuna gedərək vəziyyətlə tanış olub.
Noyabrın 13-də isə yenidən Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi ilə Dağıstan Gömrük İdarəsinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə son günlərdə sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasının səbəbləri və çıxış yolları müzakirə edilib, tərəflər arasında bənzər problemlərə operativ müdaxilə edilməsinə dair protokol imzalanıb.
A.Əliyevlə Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında telefon danışığı olub. Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib.