“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 200 milyon ABŞ dolları həcmindən çox sindikatlaşdırılmış kreditin cəlb olunmasını uğurla başa çatdırıb. Bankdan Trend-ə verilən məlumata görə, saziş üzrə ilkin təşkilatçılar "Citibank", "Credit Suisse A.G. London Branch" (“Credit Suisse”), "Emirates NBD Capital Limited" (“ENBD”) və "J.P. Morgan" banklarıdır. "Citibank Europe plc" bu əqdin koordinator və agenti, J.P.Morgan isə buraxılış agenti kimi çıxış edib.
Sazişə 12 maliyyə qurumu qoşulub. Bazara 150 milyon ABŞ dolları həcmində sindikasiya krediti üçün tələb göndərilsə də, bazar iştirakçılarının bu cəlbetməyə marağı 200 milyon ABŞ dollarını keçib. Bu da Azərbaycan Beynəlxalq Bankı rəhbərliyindəki dəyişikliklərdən sonra bankın beynəlxalq maliyyə bazarlarına güclü dönüşü kimi xarakterizə olunur. Belə ki, bu, 2015-ci ilin aprel ayından bəri ABB-nin cəlb etdiyi ilk sindikasiya kreditidir.
Kredit sazişi bir illik müddətə razılaşdırılıb. Cəlb olunmuş vəsaitin ümumi korporativ məqsədlərə, xüsusilə ticarət yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.
Qeyd edək ki, bu gün Azərbaycandakı ümumi bank aktivlərinin 37.9%-i, müştəri kreditlərinin 32.5%-i, ümumi bank əmanətlərinin isə 26.5%-dən çoxu məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.