Rusiyadan Azərbaycana pnevmatik tapança keçirmək istəyiblər. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə “Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib. Yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.