Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehrana səfəri başlayıb. Mətbuat Şurasından verilən məlumata görə, noyabrın 5-dən 9-dək gerçəkləşdiriləcək səfərdə başlıca məqsəd İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisində iştirakdır. Bununla yanaşı, səfər proqramına islam respublikasındakı media orqanları və jurnalist təşkilatı nümayəndələri, həmçinin parlament üzvləri və bir sıra rəsmi şəxslərlə görüş də daxildir.
İran mətbuatı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisinin açılış mərasimində ölkə prezidenti Həsən Ruhani, həmçinin İranın yüksək səviyyəli rəsmiləri iştirak edib. İİR prezidenti H.Ruhani çıxışında tədbirin əhəmiyyətindən və medianın cəmiyyət həyatındakı rolundan söz açıb. O, medianın dünyada barış və sülhün təmin olunmasındakı missiyasının vacibliyini xüsusi vurğulayıb.
Ə.Amaşov Tehrana səfəri çərçivəsində öncə İranın mədəniyyət və islam irşadı nazirinin müavini Hossein Entezami ilə görüşüb.
Deputat Ə.Amaşov daha bir görüşünü İran Parlamenti sədrinin I müavini, Parlamentin türk fraksiyasının rəhbəri Məsud Pezeşkianla keçirib.