Yunanıstanın PAOK klubunun baş məşqçisi Vladimir İviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
"Buraxılan qola qədər rəqib demək olar ki, qapımımız qarşısında heç bir təhlükəli epizod yarada bilməmişdi. Oyuna nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. Xüsusilə də ilk yarıda. İkinci hissədə də buraxılan qola kimi topa nəzarət edirdik. Rəqibin əks-hücumlarda təhlükəli olduğunu bilirdik, buna hazır idik. Təəssüf ki, məhz belə bir epizodda çatdıra bilmədik. Ola bilsin ki, həmin epizodda rəqib futbolçuya qarşı qaydanı pozmaq lazım idi ki, təhlükəni sovuşduraq. Artıq qrupdan çıxmaq şansımız çox azaldı. Amma mübarizəmizi davam etdirəcəyik və digər oyunların nəticələrinə baxacağıq.
Uşaqların çalışmadığını, xarakter göstərmədiyini deməzdim. Sadəcə, son 20 dəqiqədə yorğunluq var idi. Çünki çox sıx qrafiklə oynayırıq. Buna baxmayaraq, evdə oynadığımız üçün bütün oyunu hücumda keçirməyə çalışdıq. Bunun da nəticəsi kimi rəqib üçün boşluqlar yaranırdı. Müdafiəyə mümkün qədər tez qayıtmağa çalışsaq da, bir epizodda bunu bacarmadıq və cəzasını çəkdik".