UFC çempionatının sabiq çempionu, amerikalı Ronda Rouzi braziliyalı Amanda Nunes ilə “UFC 207” turnirinin Las-Veqasda dekabrın 30-da keçiriləcək qarşılaşmasının onun karyerasında son qarşılaşma olacağını bildirib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə idmançı Amerikanın NBC telekanalında şou zamanı deyib. “Bu, mənim son döyüşlərimdən biri olacaq. Hamı yaxşı izləsin. Şou əbədi davam edə bilməz”, - deyə Rouzi söyləyib. Amerikalı idmançı son dəfə rinqə keçən ilin noyabrında çıxıb. UFC çempionu kəməri uğrunda mübarizədə digər amerikalı idmançı Holli Holma məğlub olmuşdu. Rouzi ikinci raundun birinci dəqiqəsində nokaut almışdı. Rouzi sosial şəbəkələrdə ən populyar idmançıdır. 2015-ci ilin noyabr ayında “Facebook”, “Twitter” və “Instagram” sosial şəbəkələrində amerikalı idmançının abunəçilərinin sayı məşhur tennisçi Mariya Şarapovanın abunəçilərinin sayından çox idi. 2016-cı ildə “Forbes” jurnalı Rouzini ən bahalı idmançılar siyahısına salıb, o, bir il ərzində yalnız tennisçi Seren Uilyams və Şarapovadan geridə qalaraq 14 milyon dollar qazanıb. Ronda Rouzi UFC-nin yüngül çəki kateqoriyasında birinci çempiondur və öz titulunu altı dəfə uğurla qoruyub saxlayıb. Rouzi, həmçinin aktrisadır. O, “Məğlubedilməzlər 3”, “Forsaj 7” və “Anturaj” filmlərində rol alıb.