Bir neçə gün əvvəl Azərbaycanda idmançının oyun zamanı aldığı travmadan dünyasını dəyişdiyi ilə bağlı xəbər yayılmışdı. Dünyasını dəyişən Tərtər şəhər sakini, 15 yaşlı Cəlal Cəhdinin 2 ay əvvəl Göyçayda keçirilən yarışda travma aldığı bildirilirdi. İki gün əvvəl halı pisləşən yeniyetmənin oktyabrın 29-da Bakı xəstəxanalarından birinə aparılarkən yolda öldüyü qeyd olunurdu. Bu gün isə mərhumun atası Ramil Cəhdi “Qafqazinfo” ilə əlaqə saxlayaraq oğlunun ölümü barədə yayılan məlumatların doğru olmadığını bildirib. Onun sözlərinə görə, oğlu nə travmadan, nə də zədədən ölüb: “O toksiki ensefalitdən dünyasını dəyişib. Başına su yığılmışdı. Buz kimi su içmişdi. Nəticədə meningit olmuşdu. Özünü qorumadı, futbol oynadı. Qarayev adına xəstəxanada beş gün yatdı, müalicə olundu. İki-üç günün içində halı pisləşdi. Beynindən qanına zəhərlənmə keçdi və dünyasını dəyişdi. Oğlum Azərbaycan çempionu, güclü idmançı olub. Onun adının bu cür hallanmasını istəməzdim. Kikboksinq federasiyasının üzvüdür. İştirak etdiyi 20 çempionatın hamısında qalib olub. Yazıblar ki, 2 ay əvvəl iştirak etdiyi yarışda travma alıb. Mən 3 aydır ki, xəstəliyi ilə əlaqədar onu yarışlarda iştirak etməyə qoymurdum”.