Mətbuat Şurası İsveçrənin Azərbaycandakı Səfirliyi ilə birgə əməkdaşlığa başlayır

11:38 - 27 Oktyabr 2016 - MEDİA

İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri ilə bağlı məlumat verib. Ə.Amaşov bildirib ki, Mətbuat Şurası institutları dünyanın bir çox qabaqcıl ölkələrində medianın özünütənzimləmə qurumu kimi uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanda bu təsisatın 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradıldığını vurğulayan Ə.Amaşov qurumun tərkibinə tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin daxil olduğunu diqqətə çatdırıb. «Başlıca missiyamız media orqanları ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılmasıdır. Tədbirlərimiz ictimai qınağa əsaslanır. Bununla yanaşı ölkədə söz və ifadə azadlığı ilə əlaqədar tendensiyaları diqqətdə saxlayırıq. Əlbəttə, beynəlxalq əməkdaşlıq da bizim üçün prioritet təşkil edir. Mətbuat Şurası bir çox nüfuzlu beynəlxalq media qurumlarında təmsil olunur. Çalışırıq ki, xarici təcrübənin ölkəmizdə səmərəli tətbiqi yollarından faydalanaq», - deyə Ə.Amaşov vurğulayıb. 

İsveçrənin Azərbaycandakı səfiri F.Stalder rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan mediasına yönələn təşəbbüslərindən söz açıb. Mövcud xüsusda hər iki ölkə jurnalistləri arasında səmərəli əməkdaşlıq yolları nəzərdən keçirilib. Konkret olaraq İsveçrə jurnalistlərinin Azərbaycana səfərinin təşkili, həmçinin peşəkarlığın artırılması yolları, birgə konfrans və seminarların düzənlənməsi üzərində dayanılıb. Belə razılığa gəlinib ki, Mətbuat Şurasının və Səfirliyin qarşılıqlı əməkdaşlığı çərçivəsindəki ilk addım kimi İsveçrənin tanınmış jurnalisti və pedaqoqu Aleksandra Starkın gələn ilin əvvəllərində Azərbaycana səfəri həyata keçirilsin. Tanınmış jurnalist KİV-lərin gənc əməkdaşları və ali məktəblərin jurnalistika fakultələrinin tələbələri üçün onlayn media və sosial şəbəkələr mövzusunda mühazirələr oxusun, bilik və təcrübəsini onlarla bölüşsün.


Xəbər xətti