Bakı Apellyasiya Məhkəməsində külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən Müşfiq Əliqulu oğlu Sarıyevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə M.Sarıyevin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılan araşdırma zamanı “Faiq-İnşaat B.İ” müəssisəsinin külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktı üzrə 27 sentyabr 2010-cu il tarixdə başlamış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, 1973-cü il təvəllüdlü, Ağcabədi rayonunun Qaravəlli kənd sakini Mehman Əmiraslan oğlu Əmiraslanov həmkəndlisi M.Sarıyev ilə qabaqcadan əlbir olaraq 2 saylı Ərazi Vergilər idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Səda-Tikinti-M” müəssisəsinə rəhbərlik edərkən müxtəlif vaxtlarda vergi orqanına təqdim olunmuş bəyannamələrə qəsdən təhrif edilmiş məlumatlar daxil edərək 3 milyon 911 min 460,72 manat, Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Texnoqrupkom” müəssisəsinin direktoru olarkən 2010-cu ilin may ayı üzrə 135 min 854,34 manat məbləğində ƏDV-ni, 8 saylı ƏVİ-də qeydiyyatda olan “Yeni Standart şirkəti”nin, “Efiopiya”, “İnşaat-Servis”, “Səda-12” müəssisəsinin direktorları olarkən 1 milyon 301 min 325 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq neft məhsullarının satışı ilə xüsusi razılıq (lisenziya) almadan məşğul olaraq ümumilikdə 232 min 23 manat məbləğində xalis gəlir əldə edib. M.Sarıyev M.Əmiraslanovla birlikdə törətdikləri yuxarıda qeyd olunan cinayət əməllərindən başqa, özü ayrılıqda 12 saylı ƏVİ-də qeydiyyatda olan “Faiq-İnşaat B.İ” MMC-yə faktiki rəhbərlik edərkən vergi tutulan dövriyyəni azaltmaqla, ümumilikdə 89 min 130,91 manat məbləğində, 11 saylı ƏVİ-də qeydiyyatda olan “AFA Təmir-Tikinti” MMC- nin rəhbəri olduğu müddətdə 44 min 973,99 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıb. Xətai Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli hökmü ilə M.Sariyev 2 il 4 ay 14 gün dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan və 5 il müddətinə azadlıqdan, M.Əmiraslanov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, M.Sarıyev cəzadan şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması üçün Xətai Rayon Məhkəməsinə mürciət edib. Məhkəmə məhkumun müraciətini təmin etməyib.