Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında" sərəncam imzalayıb.
Məqsəd ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır.
Sənədə əsasən, emal müəssisələrinə satılmış quru tütünün hər bir kiloqramına, yaş tütünün isə hər on kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verildiyi müəyyən edilib. Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.
Nazirlər Kabinetinə emal müəssisələrinə satılmış quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi müvafiq maliyyələşməni təmin etməlidir.