Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sənədlə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiqlənib.
Həmçinin, “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması təsdiq edilib.
Bu qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.
Nazirlər Kabinetinə Prezidenti aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi müsabiqənin təşkili və keçirilmə qaydasını, meyarları bir ay müddətində təsdiq etməli, ixrac olunan məhsullar barədə hesabatı Dövlət Gömrük Komitəsi ilə birlikdə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.