Salyan rayonunda ölən şəxsin qətlə yetirildiyi məlum olub. Bu barədə “Report”un Aran bürosuna rayon prokurorluğundan məlumat verilib. Məlumata görə, 1991-ci il təvəllüdlü Gülşən Feyziyeva bir müddət əvvəl dünyasını dəyişib. Həyat yoldaşı 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev hər kəsə arvadının xəstəlikdən öldüyünü deyib. G.Feyziyeva torpağa tapşırılıb, onun yas mərasimi keçirilib, ehsan da verilib. Lakin Salyan Rayon Prokurorluğunun peşəkar əməkdaşları hadisənin qətl olduğunu müəyyənləşdirib. Məlum olub ki, Məmmədağa Quliyevin qardaşı Zaur Quliyev G.Feyziyevanı 1994-cü il təvəllüdlü Nurlan Xankişiyev adlı şəxslə birlikdə görüb. Bu zaman Z.Quliyev N.Xankişiyevi bıçaqlayıb. Bundan sonra o, Bakıda işləyən qardaşı Məmmədağa Quliyevə zəng vuraraq xəyanət əhvalatını danışıb. Məsələdən xəbər tutan M.Quliyev Salyana qayıdaraq arvadı ilə mübahisə edib və onu balışla boğub. Hər kəsə isə “arvadım xəstəlikdən ölüb” deyib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.