MTRŞ: Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

13:24 - 4 Oktyabr 2016 - ÖLKƏ İÇİ

 “Azərbaycanda analoq yayım dekabrın 1-də dayandırılacaq. Hazırda çox az yerdə rəqəmli TV yayımı yoxdur. Həmin yerlərdə analoq yayımın dayandırılması bir qədər ləngiyə bilər”.Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

 O qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi bu məsələ ilə monitorinqlərə başlayıb: “Artıq həmin ərazilər üçün kiçik TV vericiləri sifariş verilib. Televiziya vericiləri yaxın vaxtlarda gətiriləcək. Bildiyiniz kimi, verici, qəbuledici və paylayıcı şəbəkə mövcuddur. Söhbət indi televiziya verici şəbəkənin rəqəmli yayıma keçməsindən gedir. Azərbaycan əhalisinin 99%-i rəqəmli vericilərlə əhatə olunub”.
 Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Xəbər xətti