Məhkəmə bəraət alan şəxs barəsində prokurorun verdiyi protesti təmin etməyib

10:54 - 4 Oktyabr 2016 - ÖLKƏ İÇİ

Bakı Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Samir Aydın oğlu Rzayevin barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb. “Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiyanın çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, S.Rzayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub. Bu il avqustun 4-də Səbail Rayon Məhkəməsi S.Rzayevin barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan Bakı Şəhər Prokurorluğu Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Tahir Vəliyev apellyasiya protesti verib.

Xəbər xətti