"Korrupsiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının həyata keçirdiyi fəaliyyətin, yerinə yetirdiyi vəzifə və funksiyaların əhəmiyyəti, görülən işlərin çevikliyi və effektivliyi artıb".
Bunu baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
O qeyd edib ki, 2015-ci ilin oktyabrın 1-dən 2016-cı ilin oktyabrın 1-dək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 31 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.
Baş prokuror qeyd edib ki, “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb: "Aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib, 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib". Z.Qaralov bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəffaflıq, açıqlıq və hesabatlılıq prinsiplərinə xüsusi önəm verilərək qurumun fəaliyyəti barədə mətbuat konfransları, digər tədbirlər keçirilməklə, ictimaiyyətin, vətəndaş cəmiyyətinin və mətbuat nümayəndələrinin suallarına cavab verilmiş, bülletenlər, bukletlər, kitablar və metodiki vəsaitlər nəşr edilərək yayımlanması təmin edilib.