Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən Ucnoqta.az-a verilən məlumata görə, toplantıda ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi qaydalarının layihəsi, DİM və “British Council" Azərbaycan təşkilatı arasında imzalanmış Niyyət Məktubu, buraxılış sinfi şagirdlərinin təhsilə davamiyyəti və imtahan nəticələrinin müqayisəsi, DİM-in Nizamnaməsinə uyğun olaraq qurumun fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər müzakirə olunub.
Birinci məsələyə dair çıxış edən Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd ediblər ki, sənəd Təhsil Nazirliyi və TQDK əməkdaşlarından ibarət İşçi Qrup tərəfindən işlənib hazırlanıb. Sənəddə əks olunan bir çox prinsipial məsələlərə dair razılıq əldə edilib. Hər iki qurumun nümayəndəsi vurğulayıb ki, sənəd rəsmi şəkildə qüvvəyə minənədək imtahanların məzmununa aid olan və ictimaiyyət üçün əhəmiyyət kəsb edən müddəalar barədə mətbuatda açıqlamalar verilməlidir. Sənəd ətrafında iclas iştirakçıları tərəfindən müzakirələr və fikir mübadiləsi aparılıb.
İkinci məsələ barədə danışan M.Abbaszadə bildirib ki, buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı aparılan statistik təhlilin nəticələri göstərir ki, müvafiq ildə I sinfə gedən şagirdlərin təxminən 9 faizinin adları bu il IX siniflərin məlumat bazalarında aşkar edilməyib, yəni onlar icbari təhsildən yayınıblar: "Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdı"r.
İclas iştirakçıları müzakirələr zamanı vurğulayıblar ki, bu, təkcə hansısa bir qurumun deyil, bütün cəmiyyətin qarşısında duran vacib məsələlərdəndir.
M.Abbaszadə təhsil nazirinin müavini C.Bayramova müraciət edərək, TQDK tərəfindən hər il hazırlanan və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınmaq üçün sözügedən məsələyə dair nazirlikdə mövcud olan məlumatların təqdim olunmasını xahiş edib.
C.Bayramov mövzunu davam etdirərək başqa bir statistik təhlilin nəticələrini iclas iştirakçılarının nəzərinə çatdırıb: “Bu il məktəbə 1 il və daha artıq gec gedənlərin sayı 10 faiz təşkil edib ki, bu da ürəkaçan rəqəm deyil. Təhsil Nazirliyi bununla bağlı hər hansı təsir mexanizminə təbii ki, malik deyil. Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən ilə azalır. Ümumiyyətlə, Nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur”.
M.Abbaszadə üçüncü məsələyə dair qeyd edib ki, “British Council” Azərbaycan təşkilatı ilə bir neçə müddətdir ki, danışıqlar aparılırdı və əldə olunmuş razılığa əsasən, magistratura səviyyəsinə qəbul imtahanında ingilis dili komponentinin təkmilləşdirilməsi, yeni kurikuluma əsaslanan buraxılış imtahanlarında bacarıqların qiymətləndirilməsində ingilis dili fənni üzrə qabaqcıl təcrübənin tətbiqi, TQDK tərəfindən IELTS imtahanlarının keçirilməsinə dəstək və dövlət qulluğuna qəbul zamanı xarici dil biliklərinin yoxlanılmasının təkmilləşdirilməsi layihələrinin hazırlanması nəzərdə tutulub.
Sonuncu məsələyə dair M.Abbaszadə bildirib ki, bu ilin aprel ayında təsdiq edilən Dövlət İmtahan Mərkəzinin Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və DİM-ə müvafiq Fərmanla həvalə olunan vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Bununla bağlı DİM-in fəaliyyətinin təmin olunması və ona həvalə olunan vəzifələrin həyata keçirilməsi məqsədilə müxtəlif imtahan növlərinin keçirilməsi üçün sərf olunan maliyyə vəsaiti və bir imtahan iştirakçısına düşən xərclər barədə müzakirələr aparılıb, DİM Direktorlar Şurasının üzvlərinin təklifləri dinlənilib.