Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpü bərpa edilir. Bu barədə Ucnoqta.az-a "Azəravtoyol" ASC-dən bildirilib. Məlumata görə, yeni inşa edilən körpünün uzunluğu 88,2 metr, eni 11 metr, hərəkət hissəsi 8 metr olacaq. Burada hər bir tərəfdə hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmək məqəsədi ilə 1,5 metr enində piyada səkiləri də inşa ediləcək.
Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız, bir aşırımlı (81 m.) olacaq və onun çay yatağından hündürlüyü 7 metr təşkil edəcək. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını alacaq.
Bundan başqa, çayda su axınının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metrlik hissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.
Xatırladaq ki, bu ilin iyul ayında yağan leysan nəticəsində sel suları körpünü uçurub, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilib. “Azəravtoyol” dərhal əraziyə ağır texnika və canlı qüvvə cəlb edib, qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunub.