Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyası dünən növbəti iclasını keçirib.
Qurumdan verilən məlumata görə, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 4 məsələ ilə bağlı müraciətləri müzakirə ediblər.
Öncə Sabirabad şəhər sakinləri Böyükağa Həmidovun və Bilal Əhmədovun "Qanun və şah" qəzeti barədə şikayətlərinə baxılıb. Uzun illər rayonda müxtəlif sahələrdə rəhbər vəzifələrdə işlədiklərini, hazırda təhsil sistemində çalışdıqlarını, mükafatlara layiq görüldüklərini bildirən hər iki müraciət müəllifi həmin mətbu orqanının 30 iyul 2016-cı il tarixli sayında gedən yazıda onların şərəf və ləyaqətinin təhqir olunduğunu, işgüzar nüfuzlarının aşağılanmasına cəhdlər göstərildiyini, həmçinin B.Əhmədovun oğlu haqqında nalayiq ifadələr işlədildiyini bildiriblər.
Komissiya həmin qəzetin baş redaktoru Emin Məmmədlinin müzakirədən yayınmasını, narazılıq doğuran yazıda bütün etik və ədəb sərhədlərinin tapdalanmasını, ara-sıra işıq üzü görən bu KİV-in son sayının əl-əl yayılmasını məsələnin kökündə sifariş, qərəz, yaxud şəxsi məqsədlərin təminatının dayanmağı kimi qiymətləndiriblər.Toplanmış materialların Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da araşdırılması məntiqi sayılıb.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının «365 info.az» saytının 30 avqust 2016-cı ildə yayımladığı "Qüdrət Qurbanovun Avropanı gəzib-tozan MTN-çi oğlu…" sərlövhəli yazı ilə bağlı müraciətinə baxılarkən səslənən məqamlar bu KİV barədə məsələnin də Mətbuat Şurasının "Reket jurnalistka"ya qarşı mübarizə Komissiyasında araşdırılmasına ehtiyacı olduğu barədə rəy çıxarılıb. Sayt rəhbərliyinin əsassız olaraq müzakirələrə qatılmaması, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və tələblərinə sayğısızlıq hallarına yol verilməsi də rəydə ifadəsini tapıb.
Salyan Rayon İcra Hakimiyyətinin, Rayon Mərkəzi Xəstəxanasının, Təhsil Şöbəsinin "infom.az" saytı barədə müraciətlərinin müzakirəsi bu KİV-in fəaliyyətində ciddi qüsurların mövcudluğunu aşkarlayıb.
Komissiya rəyə gəlib ki, orada əsasən Salyan və ətraf bölgələrlə bağlı tənqidi yazılar təqdim olunsa da məqalələrin əksəriyyətində balans prisipinin tələbləri gözlənilmir, birtərəfli, sonadək araşdırılmayan məlumatlar saytın izləyicilərində çaşqınlıq yaradır. "İnfom.az" da rekvizitlərin göstərilməməsi və digər nöqsanların mövcudluğu burada peşəkar mühitin olmamasının nəticəsi kimi dəyərləndirilib. Buna KİV rəhbərinin ali təhsilinin olmamasının təsirsiz ötüşmədiyi bildirilib. Sayta Mətbuat Şurasının xəbərdarlığı olunub.
Quba Dövlət Sosial-İqtisadi Kollecinin MŞ-yə məktubunda "vekilinsesi.az", "axtar.az", "hafta.az", "turkustan.info" və digər saytlarda gedən məlumatlarda bölgədə qətl törədən Qaçay Nadir oğlu Şahverənov adlı şəxsin əsassız olaraq həmin orta ixtisas təhsili məktəbinin III kurs tələbəsi olduğu göstərilib və MŞ-dən məsələyə münasibət bildirməsi xahiş edilib. Komissiya şikayətçi tərəfin iddiasının təmin olunmasını məqbul sayıb və çıxardığı rəydə həmin saytlarda düzəliş, yaxud təkzib verilməsini onlara tövsiyə edib.