“Son on il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Bütün bu işlər əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı vurğulayıb ki, təhsil hər bir dövlətin gələcəyidir: “Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”.
Prezident qeyd edib ki, Azərbaycan uğurla inkişaf edən ölkədir: “Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır.
Əlbəttə ki, müəllimlərdən və şagirdlərdən çox şey asılıdır. Şagirdlər bilməlidirlər ki, həyatda yaxşı yer tutmaq və Vətənə daha böyük fayda gətirmək üçün yaxşı oxumalıdırlar. Əlbəttə ki, müəllimlər bu əsas yükü öz üzərinə götürüblər. Ona görə də məktəb tikintisi həm şagirdlər, həm də müəllimlər üçündür. Bura müəllimlərin iş yeridir. Belə gözəl şəraitdə işləmək, əlbəttə, hər bir insana zövq verir. Biz gələcəkdə də bu məsələlərin həlli ilə bağlı lazımi tədbirləri görəcəyik.
Eyni zamanda, bizim gənc nəslimiz vətənpərvər olmalıdır, milli ruhda böyüməlidir. Burada da əlbəttə ki, müəllimlərdən çox şey asılıdır. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir. Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr veribdir, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görmüşlər”.
İ.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır: “Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır. Bu gün biz bütün istiqamətlər üzrə inkişafdayıq, güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə yaratmışıq, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana – bütün bunlar Azərbaycan dövlətinin gördüyü işlərdir. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir.
Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır. Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq”.