Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova Azərbaycanda səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisdən Trend-ə verilən məlumatda bildirilir.
B.Muradova görüşdə qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri, o cümlədən İsveçrə ilə yüksək səviyyədə münasibətlər qurub: "Bu illər ərzində keçirilən görüşlər, imzalanan sənədlər, beynəlxalq qurumlardakı əlaqəli fəaliyyət münasibətlərin yüksələn xətlə inkişafının sübutudur".
O, dost ölkə ilə siyasi, iqtisadi, humanitar və mədəni münasibətləri yüksək dəyərləndirdiyini vurğulayıb.
Vitse-spiker hər iki ölkə Prezidentlərinin xoş münasibətinin, intensiv səfərlərinin də bunu özündə əks etdirdiyini diqqətə çatdırıb. Ali qanunverici orqanlar arasındakı mövcud əlaqələrin inkişafında dostluq qruplarının xüsusi rolu olduğunu deyən Bahar Muradova Milli Məclisdə İsveçrə ilə dostluq qrupunu 21 deputatın təmsil etdiyini, bunun parlamentdə ikinci böyük qrup olduğunu da vurğulayıb.
B.Muradova həmçinin qeyd edib ki, yəhudilər Azərbaycanda köklü xalqların nümayəndələri kimi bütün hüquqlardan, imkanlardan istifadə edirlər. O qeyd edib ki, keçmış postsovet məkanında Azərbaycan yeganə məkandır ki, burada etnik mənsubiyyətə görə heç bir xalqın nümayəndəsi təzyiqə məruz qalmayıb: “Yəhudilər Azərbaycanı özlərinin xoşbəxt və firavan yaşaya bildikləri ikinci vətənləri hesab edirlər ki, bu da hər zaman İsrail-Azərbaycan münasibətlərində körpü rolunu oynayıb”.
Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verən vitse-spiker ölkəmizin münaqişənin sülh yolu ilə, ədalətli həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycana səfərin onlarda yüksək təəssürat yaratdığını, ölkəmizi tolerantlığın və müasirliyin cəmləşdiyi bir məkan kimi tanıdıqlarını vurğulayıb.
O, ölkələr arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, multikulturalizm modelinin həyata keçirilməsi sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini qeyd edib. Qonaq Azərbaycanda yəhudi icmasının nümayəndələrinə olan münasibətə görə minnətdarlığını bildirib, müxtəlif mədəniyyətlərin, etnik və dini qrupların dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaq üçün bu səfərin yaxşı bir fürsət olduğunu deyib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində də fikir mübadiləsi aparılıb.