Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev vəsatətlərlə çıxış edib.
O, məhkəmənin bu şəkildə keçirilməsinə etiraz edib: "İttiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır, müdafiə tərəfinin isə bununla bağlı vəsatətləri nəinki qəbul olunmur, heç müzakirə də edilmir".
F.Mehdiyev bir neçə gün öncə Maliyyə Nazirliyinin mətbuatda yayılan açıqlamasına da toxunub: "Cahangir Hacıyevin 5 milyatd dolları mənimsəməsi, ofşora ötürülməsi ilə bağlı deyilənlər təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Əgər maliyyə nazirində 5 milyar dollarla bağlı sənədlər varsa, niyə istintaqa təqdim etməyiblər? Əgər sənədlər yoxdursa, niyə belə açıqlama verib?"
Vəkil Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin məhkəmədə əlavə şahid qismində ifadə verməsini istəyib: "Nazirin mətbuata verdiyi açıqlamasında qeyd edilən 5 milyard dollar mənimsəmə məsələsinə aydınlıq gətirməsini tələb edirəm".
F.Mehdiyevin ikinci vəsatəti Beynəlxalq Bankda Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların nəticələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı olub.
Bundan başqa, vəkil vəsatətlə çıxış edərək, Beynəlxalq Bankdan layihələrlə bağlı sənədlərin alınmasını istəyib: "Bank qərəzli olduğu üçün sənədləri təqdim etmir. Ötən həftə bankın idarə heyətinin müşaviri də ifadəsində qeyd etdi ki, guya qanunsuz olan kreditlərlə bağlı DİN-ə məlumat verib. Maraqlıdır ki, niyə məhz DİN-ə? Əgər bu bankın fəaliyyəti ilə bağlıdırsa, ya Maliyyə Nazirliyinə, ya da Baş Prokurorluğa məlumat verilməli idi".
Hakim bildirib ki, əvvəl qaldırılan vəsatətlərlə bağlı məhkəmə atıq qərar qəbul edib: "Həmin vəsatətlərə şahidlərin ifadəsindən sonra baxılacaq. Yeni vəsatətlərlə bağlı sənədlərin təqdim edilməsi də məhkəmədə sənədlərin tədqiqi mərhələsində baxılacaq".
Dövlət ittihamçısı Fərid Nağıyev Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard dollar məsələsi cinayət işi ilə əlaqəsinin olmadığını bildirib: "Həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır".
Daha sonra Beynəlxalq Bankın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ifadə veriblər. Onlar yalnız sənədləşdirmə işləri apardıqlarını deyiblər.
Şahid qismində ifadə verən İbrahim Ağayev “İnter Tekstil” şirkətində çalışdığını bildirib: "Müdirim Şakir müəllim tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditə imza atmalıyam".
Prokuror isə bildirib ki, onun adında 15 milyon 776 minlik kart açılıb. O isə bundan istintaq zamanı xəbər tutduğunu deyib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin şəxslər 211 milyonun manat pulu mənimsəməkdə təqsirli bilinirlər.
Xatırladaq ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.