Rafael Cəbrayılov: “O məmurları ciddi cəzalandırmaq lazımdır”

13:22 - 17 İyun 2016 - SİYASƏT

“Azərbaycanda “Formula-1” idman yarışlarının keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində atılan çox mühüm addımdır”. Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov iyunun 17-29-u tarixlərində Bakıda keçirilən “Formula-1 Avropa Qran Prisi”nin əhəmiyyətinə toxunarkən deyib. R.Cəbrayılov bildirib ki, “Formula-1” dünyada çox populyar və bahalı idman növü sayılır: “Mən başqa cür düşünən insanların fikirlərinə də hörmətlə yanaşıram. Ancaq “Eurovision” mahnı yarışmasındakı qələbəmiz, növbəti il həmin yarışmanın Bakıda keçirilməsi, “Bakı 2015” Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, bu il “Formula-1” Avropa Qran Prisinin Bakıda təşkili, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, böyük idman infrastrukturunun yaradılması Azərbaycanın beynəlxalq nüfuzunun artmasına təsirini heç kəs inkar edə bilməz. “Formula-1” Avropa Qran Prisi də Azərbaycanın beynəlxalq nüfuzunun artmasında çox əhəmiyyətli hadisədir. Amma mən o insanları da anlayıram ki, onların əsas narahatçılığı bu yarışmalara çox böyük pulların xərclənməsi ilə bağlıdır. Həmin insanlar bəlkə də ona əsaslanıb düşünürlər ki, Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır, hər bir şeyin pul ekvivalenti olmalıdır və sairə. Ancaq nəzərə almaq lazımdır ki, dünyada idmana çox böyük vəsaitlər xərclənir. Bu da həmin ölkələrin beynəlxalq imicinin artmasında mühüm rol oynayır”.

 
Deputat qeyd edib ki, indi dünyada siyasətə tabe olmayan heç bir tədbir yoxdur: “Bəzən biz nisbi olaraq deyirik ki, siyasətdən kənar hər hansı tədbirlər var və sairə. Ancaq geniş miqyasda baxanda, bütün tədbirlər, o cümlədən bu idman oyunları da siyasi maraqlara əsaslanır. “Formula-1”in əhəmiyyətini o qədər də anlamayan insanlara sadə bir misalla demək istərdim ki, Braziliyanın beynəlxalq nüfuzunun artmasında futbolun rolu müstəsnadır və bunu heç kəs inkar edə bilməz. Amma futbol Braziliyanı dünyaya tanıdana qədər bu ölkə qəhvəsi ilə məşhur idi. Amma qəhvə Braziliyanı futbol qədər dünyaya tanıtmırdı. İndi dünyaya inteqrasiya siyasəti gedir və Azərbaycan da dünyaya inteqrasiya edir. Biz dünyadan təcrid olunan adada yaşamırıq. Azərbaycanın dünyanın bir parçasıdır”.
 
R.Cəbrayılov söyləyib ki, bu cür mötəbər yarışların Azərbaycanda keçirilməsi Qarabağ probleminin də dünyaya tanıdılmasında mühüm rol oynayır: “Artıq bu insanlar anlamalıdır ki, “2+2=4” kimi sadə və bəsit həlli olan Qarabağ problemini biz 20 ildən çoxdur ki, dünyaya başa sala bilmirik. Çünki dünyada böyük siyasi oyunlar gedir, geosiyasi maraqları rəhbər tuturlar. Guya ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri xəritədə görmürlərmi ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın tarixi ərazisidir? Guya BMT bilmir ki, Azərbaycan 1992-ci ildə bu təşkilata üzv olanda, hansı sərhədlərlə daxil olub? Məgər bütün bunları görmək, bilmək çox çətin məsələdir? Əlbəttə ki, sadədir. Sadəcə olaraq dünyada aparılan geosiyasi siyasət buna imkan vermir. Məşhur ingilis deyimində olduğumu kimi, “ingilislərin daimi dostları yox, daimi maraqları var”. Bütün bunların hamısı siyasətə söykənir. Bu gün Azərbaycan da dünyanın bir parçası olduğu üçün bu siyasətdən öz maraqları üçün istifadə etməlidir. Çox təəssüf ki, bəzi məsələlərdə oyun qaydalarını biz müəyyən edə bilmirik. Azərbaycan kiçik dövlət olduğu üçün bu oyun qaydaları ilə oynamaq lazımdır”.
 
Deputat büdcə vəsaitlərinin israf edilməsinə qarşı olduğunu da bəyan edib:
“Mən heç zaman büdcə vəsaitlərinin sağa-sola xərclənməsinə tərəfdar olmamışam. Büdcə vəsaitləri Azərbaycan xalqının puludur. Bu vəsaiti çox qənaətlə ağıllı formada işlətmək lazımdır. Elə sahələr var ki, orada mütləq qənaət edilməlidir. Məhz “Formula-1” yarışı ilə bağlı da qənaət etmək lazımdır. Burada söhbət israfçılıqdan getmir, söhbət yaranan dilemmadan, bu oyunun keçirilib-keçirilməməsindən gedir. Mən isə keçirilməsinin tərəfdarıyam. Çünki Azərbaycanın dünyada daha çox tanınmasında və sözünün beynəlxalq aləmə çatdırılmasında bu cür tədbirlərin böyük rolu var. Ancaq hər bir tədbirin, istər beynəlxalq, istər daxili tədbirlər, istərsə də ölkədə inşa edilən sadə bir infrastrukturun tikintisi olsun, orada mütləq qənaətcil rejim olmalıdır”.
 
R.Cəbrayılov bildirib ki, Azərbaycanda görülən bir çox işlərdə israfçılığa yol verilir: “Mən bununla razıyam ki, bu gün ölkədə israf halları çoxdur. Bunları konkret olaraq mən də göstərə bilərəm. Misal üçün, bizdə asfaltı vururlar, bir ildən sonra yadlarına düşür ki, həmin asfaltın altındakı hər hansı boru kəməri çürüyüb, onu dəyişmək lazımdır. Mən hesab edirəm ki, həmin məmurları ciddi cəzalandırmaq lazımdır. Məmur israfçılığa yol verirsə, həmin vəsaiti ona ödətdirmək lazımdır. Mən bu cür israfçılığın əleyhinəyəm. Amma beynəlxalq tədbirlərə ev sahibliyi etməkdən boyun qaçırmağın tərəfdarı deyiləm. Çünki Azərbaycan dünyadan təcrid olunan ölkə deyil. Azərbaycan inkişaf edən dünyanın bir parçasıdır. Bu gün dünyada qloballaşma və inteqrasiya o qədər sürətlə gedir ki, Azərbaycan istəsə də, istəməsə də bu proseslərin içərisində yer alır. Bizim qanunvericiliyimiz buna imkan verir, beynəlxalq hüquq bu istiqamətdə inkişaf edir. Ona görə də Azərbaycanda keçirilən hər hansı beynəlxalq tədbiri “boykot” etmək dövlətçilik maraqlarına da ziddir. Amma yenə də deyirəm ki, mənim bu fikirlərim heç də israfçılığın tərəfdarı olmağım mənasına gəlmir. Hər bir sahədə qənaət edilməlidir. Bir sözlə, iqtisadiyyatda israfçılığa, artıq xərclərə yol verilməməlidir. Amma Azərbaycanın nüfuzunu dünyada tanıdacaq, sözünü dünyaya çatdıracaq beynəlxalq tədbirlər ev sahibliyi mütləq edilməlidir”.

Xəbər xətti