“Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycan xalqının hüquq və azadlıqları pozulub. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən insanların hüquq və azadlıqları pozulub. Bir milyona yaxın insan yurd-yuvalarından çıxarılıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar buna qiymət vermir”. Bunu Milli Məclisdə keçirilən “18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra təmin edilən ictimai-siyasi sabitlik demokratik və hüquqi dövlət quruculuğunun başlanmasına şərait yaratdı: “Xaos və anarxiyanın, vətəndaş cəmiyyəti müharibəsinin aradan qaldırılması ölkənin inkişafına təkan verdi”.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün münbit şərait var: “İndi media orqanı təsis etmək çox asandır. Media orqanı yaratmaq istəyən şəxs Ədliyyə Nazirliyinə müraciət edir və 7 gün müddətinə ona cavab verilir. Azərbaycanda sosial şəbəkələrdən də istifadə genişlənib. Ölkə əhalisinin 75 faizi gündəlik internet istifadəçisidir. Ölkədə 1 milyon 200 min nəfər "facebook" sosial şəbəkəsindən istifadə edir. Bütün bunlar Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin göstəricisidir”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda şəhər və rayon icra hakimiyyətləri sərbəst toplaşma azadlığını təmin etmək üçün mitinqlərin keçirilməsi üçün əlverişli qapalı və açıq yerlər ayırır: “Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün bütün addımları atır, onların maliyyələşməsini həyata keçirir”.