Ərdoğan Almaniyanı namibiyalıların soyqırımında ittiham edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə törədildiyi iddia olunan qondarma "erməni soyqırımı"nın tanınmasına görə, yenidən Almaniyanın ünvanına tənqid atəşi ilə çıxış edib.
"Report"un "Daily Sabah"a istinadən verdiyi xəbərə görə, Səbahəttin Zaim adına universitetdə çıxış edən Türkiyə prezidenti Almaniyaya səslənib:
"Ey Almaniya! Bir daha təkrar edirəm — siz 100 mindən çox namibiyalının qırğını barədə hesabat verməlisiniz".
Ərdoğan, həmçinin yenidən Holokostu xatırladaraq əlavə edib ki, AFR ermənilərin "soyqırımı" haqqında danışa biləcək sonuncu dövlətdir.
"Bizim tariximiz kütləvi qırğınlar tarixi deyil, bizim tariximiz şəfqət və mərhəmət tarixidir və biz Almaniyadan bununla fərqlənirik", — deyə dövlət başçısı bildirib.
Namibiya soyqırımı – 1904-1907-ci illərdə Kayzer Almaniyasının müstəmləkə qoşunları tərəfindən Almaniya Cənub-Qərbi Afrikasında xalq üsyanının amansızcasına yatırılması zamanı Herero (Bantu) və Nama (Qottentotlar) tayfaları əhalisinin 80 faizə qədərinin məhv edilməsidir. Almaniya 2004-cü ildə Namibiyada törədilənləri soyqırımı kimi tanıyıb.