Meksika hərbçiləri Cənubi Koreya milli futbol komandasının məşq etdiyi idman kompleksinin üzərində uçan pilotsuz təyyarəni vurub.
Ucnoqta.az bildirir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat verib.
Çərşənbə axşamı komanda Meksika ilə oyundan əvvəl taktika məşqləri üçün Zapopanda qapalı məşq keçirmək qərarına gəlib. İsinmə hərəkətləri zamanı Cənubi Koreyalı təhlükəsizlik işçisi dronun futbol meydançası üzərində uçduğunu görüb.
Yonhap xəbər verir ki, o, Meksika hərbçilərinə xəbər verib və onlar dronu vurublar.
Cənubi Koreya Futbol Assosiasiyasının məlumatına görə, dronu idarə etdiyi güman edilən iki kişi cihazı götürüb səlahiyyətlilər gəlməzdən əvvəl ərazini tərk edib. Cənubi Koreya futbol rəsmiləri yerli polisdən hadisəni araşdırmağı istəyiblər.
"Dron hadisəsi barədə dünən məşqimiz zamanı öyrəndim. Xoşbəxtlikdən, bu, taktika məşqlərinə başlamazdan əvvəl baş verib, ona görə də bu, bizə təsir etməyib", - deyə milli komandanın məşqçisi Honq Myonq-bo bildirib. O, həmçinin hadisənin "oyuna hazırlığın kritik dövründə" baş verməsindən təəssüfləndiyini bildirib.
Associated Press agentliyi Meksika hakimiyyətindəki mənbələrə istinadən son günlərdə stadionlar və milli komandaların yerləşdiyi ərazilər ətrafındakı qadağan olunmuş ərazilərə girməyə çalışarkən bir neçə dron vurulduğunu da bildirib. Dronlar ən azı üç fərqli şəhərdə vurulub.
Meksika və Koreya Respublikası arasında oyun 19 iyunda Zapopanda keçiriləcək.