Xəbər verdiyimiz kimi, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Rövşən İsmayılovun dosyesini təqdim edirik.
Rövşən İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və həmin ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim vəzifəsində çalışıb.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.
2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb, elmi işi "Azərbaycan Vətəndaşlıq İnstitutu" mövzusuna həsr olunub.
1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub, 1997-ci ilin fevralından 2003-cü ilə kimi isə Xəzər Universitetində müəllim işləyib.
2002-ci ildə (fevral-iyun) və 2005-ci ildə (yanvar-avqust) ABŞ-nin İndiana Universitetində elmi məzuniyyət və Fulbrayt proqramı çərçivəsində elmi tədqiqat aparıb.
2006-cı il dosent elmi dərəcəsini alıb.
2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub.
2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub, 22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.