Bakı–Quba yolundakı ağır qəzanın GÖRÜNTÜLƏRİ

11:10 - 7 Oktyabr 2025 - ÖLKƏ İÇİ

06.10.2025-ci il tarixdə saat 12:45 radələrində Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş vermişdir.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, ilkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirmiş, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılmışdır.

Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişmiş, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə müraciət edərək diqqətə çatdırır ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir. Manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.

Sürücülərin bir daha diqqətinə çatdırılır ki:

- yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar;

- qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər;

- yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər;

- təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələrini təmin etsinlər.


Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür.

Xəbər xətti