Xəbər verdiyimiz kimi, Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan komandası zəif nəticə göstərib. Bu sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, AİF prezidenti Osman Gündüz məsələyə münasibət bildirib, təkliflərini verib.
Osman Gündüz qeyd edir ki, Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında bu dəfə heç bir medal qazana bilməmişik, yalnız bir həvəsləndirici mükafat qazanmışıq:
"Əlbəttə, olimpiada da bir yarışdır. Burada udan və uduzan olur. İki gün öncə elə İMO ilə eyni çəkidə olan Beynəlxalq İnformatika Olimpiadasında çox böyük uğur qazanmışdıq.
Lakin tendensiyaya nəzər salanda görmək olur ki, İnformatika üzrə nəticələr yuksəlməyə doğru gedir, amma Riyaziyyat üzrə nəticələr azalmağa doğru gedir. Ötən il bu mövzuda yazarkən İMO-da əvvəlki illərdən fərqli olaraq yaınız 1 bürünc medal qazanmağımızı ən uğursuz nəticə olaraq qeyd etmişdik. Bu il isə daha zəif nəticə əldə olunub.
2022-ci ildə 1 gümüş və 4 bürüc, 2023-cü ildə 1 gümüş və 2 bürünc, 2024-də 1 bürünc əldə edən , çoxsaylı həvəsləndirici mükafatlar qazanan məktəblilər, yaxud onların təmsil olunduğu komanda məntiqlə birdən birə belə zəif nəticə göstərməli deyil".
AİF rəhbəri qeyd edir ki, bütün bunlar da çox düşündürücüdür:
"Düşünürəm ki, ETN, Olimpiadaya hazırlıq mərkəzi məhz bunun səbəblərini araşdırmalıdır.
Təkliflər:
1. Respublika Riyaziyyat Olimpiadasının səviyyəsini və çəkisini qaldırmaq lazımdır. Respublika və Beynəlxalq olimpiadalar arasındakı məzmun fərqini xeyli daraltmaq doğru olardı.
Respublika Riyaziyyat Olimpiadasının iştirakçısı olaraq qeyd etmək istərdim ki, əvvəlki dövrlərdə hətta rayon və respublika olimpiadaları arasındakı məzmun hədsiz fərqli olurdu.
2. Respublika Olimpiadasının qaliblərinin hazırlığı üçün peşəkar mütəxəssislər yetişdirmək lazımdır. Bunun üçün Türkiyə təcrübəsindən faydalanmaq doğru olar. Zamanında biz qardaşlarımıza bu sahədə kömək etmişik, əminəm ki indi də onlar bizə yardım edərlər.
3. Respublika Olimpiadalarının qalibləri üçün yay düşərgələri təşkil etmək və kənardan da mütəxəssislər cəlb etmək faydalı olardı
4. Biz fərqində olmalıyıq ki mövcud qəbul sistemi istedadlı uşaqların yetişdirilməsi ilə uzlaşmır və onlara fərqli yanaşma sərgilənməlidir
5. İstənilən halda, hər şey məktəblinin özündən, onun hazırlığından, onun səylərinin necə olmasından asılıdır. Məntiqlə olimpiadalarda şagirdin uğurları ilbəil artmalıdır. Yəni bürünc alan məktəbli növbəti mərhələdə ən azı bürünc və ya gümüş ala bilmirsə demək məktəbli ilə bağlı da problem var.
Mövcud qaydalara görə olimpiadada bir dəfə uğur qazanan şagird artıq ali məktəb problemini həll etmiş olur . Elə mexanizm qurulmalıdır ki, bir dəfə uğur qazanan şagirddə arxayınlıq yaranmasın və öz üzərində işləsin.
6. İdmanda qaliblərə və onların məşqçilərinə dövlət səviyyəsində olan münasibət fənlər üzrə beynəlxalq olimpiada qaliblərinə də şamil olunmalıdır. ETN bununla bağlı səylərini gücləndirməlidir və hökumətə təkliflərini təqdim etməlidir
7. ETN beynəlxalq olimpiadalara hazırlıq məsələsini xüsusi nəzarətə götürməlidir. Bura resurslar ayrılmalıdır. Metodiki vəsaitlər hazırlanmalıdır. Olimpiadaya hazırlıq mərkəzinin statusunu qaldırmalıdır, bu mərkəz problemin həllinə sistemli yanaşma sərgiləməkidir və s."