İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.
Bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.
Həmçinin 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər həşərat dişləməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 1 qadın, 2 kişi dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.