Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə yüksək nəticə əldə etmək namizədlərdən biri dələduzluqla üzləşib.
Ucnoqta.az "qaynarinfo"ya istinadən xəbər verir ki, F.Məcidov adlı şəxs həmin namizədə bu məsələdə kömək edəcəyini bildirib. O, yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək vətəndaşın inamını qazana bilib.
Fəxri Məcidov edəcəyi köməkliyin müqabilində 8000 manat pul alıb. Lakin vədini yerinə yetirməyib. Qarşı tərəf polisə müraciət edib. F.Məcidov saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə aparılıb. Məhkəmə prosesində F.Məcidov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, pula ehtiyacı olduğu üçün bu əməli törədib.
Həmçinin məlum olub ki, ibtidai istintaq dövründə dəymiş zərərin 2000 manatı, məhkəmə istintaqı dövründə isə 3000 manatı ödənilib.
Məhkəmənin hökmü ilə F.Məcidov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. F.Məcidovun həbsdə olduğu 4 ay 24 gün müddətin 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və onun üzrəində qəti olaraq 2 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Eyni zamanda F.Məcidovun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.