Bakı Atatürk Liseyində unudulmaz anlar - FOTO

10:10 - 26 May 2025 - Cəmiyyət

Bu günlər 4-cü sinif şagirdləri üçün unudulmaz anlar yaşanır. Çünki onlar ibtidai sinifi uğurla başa vuraraq yeni bir mərhələyə qədəm qoyurlar. Bu illər ərzində oxumağı, yazmağı, birgə olmağı və dostluğu öyrənən şagirdlər yeni mərhələyə həyəcanla addımlayırlar.

Belə bir həyəcanlı anlar Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində də yaşanıb.
Liseydən Ucnoqta.az-a verilən məlumata görə, bununla bağlı keçirilən mərasim şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin, Türkiyə və Azərbaycanın dövlət himnlərinin oxunması ilə başlayıb.

Sonra çıxış edən liseyin rəhbərliyi şagirdləri yeni bir mərhələyə qədəm qoymaları münasibətilə təbrik edib. Bildirilib ki, 4-cülər bu illər ərzində müəllimlərinin əməyi və zəhməti sayəsində biliklərlə silahlanaraq gələcəyə inamla baxırlar. Hər bir şagirdin gözündə sevinc və bir az da həyəcan var. 

Daha sonra söz 4-cülərə verilib. Onlar hazırladıqları rəngarəng və bir birindən maraqlı rəqs nömrələri, o cümlədən səhnəciklər nümayiş etdirib, nəğmələr ifa edib və şeirlər söyləyiblər. 
Məlumata görə, Zeybek rəqsi, vals, ingilis dilində mini tamaşa, türk dünyası bayraqlarının səhnəyə gətirilməsi və s. bir-birindən maraqlı təqdimatlardan sonra şagirdlərə 4-cü sinifi başa vurmalarına dair müvafiq sənəd təqdim edilib, həmçinin məzun andı içilib və məzun mahnısı oxunub.


Xəbər xətti