Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.
Ucnoqta.az xəbər verir ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 17-dən mayın 1-dək aparılacaq. Qəbul imtahanının birinci cəhdi mayın sonu - iyunun əvvəlində keçiriləcək. Dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 20 fevral − 5 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.
Hazırda elektron ərizə qəbulunun başa çatmasına təxminən 56 saat qalmış ixtisas qrupları üzrə müraciət sayı belədir:
I ixtisas qrupu: 28154 nəfər;
II ixtisas qrupu: 23015 nəfər;
III ixtisas qrupu: 25266 nəfər;
IV ixtisas qrupu: 6095 nəfər.