Los-Ancelesdən Çinə uçan "United Airlines" reysi pilotlardan birinin pasportunun olmadığı aşkar edildikdən sonra geri dönmək məcburiyyətində qalıb.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə CNN-ə aviaşirkətin nümayəndələri məlumat verib.
Boeing 787 şənbə günü Los-Anceles hava limanından havaya qalxıb.
Təyyarədə 257 sərnişin və 13 ekipaj üzvü olub. Təyyarə Sakit okean üzərindən Şanxaya uçurdu.
Şanxaya uçan təyyarə havaya qalxdıqdan iki saat sonra geri çevrilərək San-Fransiskoya istiqamət alıb.
Pilotun göyərtəsində pasportu olmayıb və aviaşirkət həmin axşam sərnişinləri təyinat yerinə çatdırmaq üçün əvəzedici heyət təşkil edib.
Sərnişinlərə yemək kuponları və yaranan narahatlığa görə kompensasiya ödənilib. Yeni ekipaj Şanxaya altı saat gec enib.