Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil İnistitutu Təhsil TV-nin yutub səhifəsində təhsilverənlərə dəstək məqsədi ilə sertifikatlaşdırılma dərsləri yayımlayır. Proqramın biologiya fənni üzrə "Canlıların quruluşu, müxtəlifliyi və bioloji proseslər” mövzusuna həsr olunmuş bölümü sertifikasiyaya hazırlaşan müəllimlər tərəfindən narazılıqla qarşılanıb.
Bu barədə Ucnoqta.az-a açıqlama verən təhsil sahələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Azərbaycan Təhsil İnstitutu və Təhsil TV-nin sertifikatlaşdırılma dərsləri təhsilverənlərin peşəkar inkişafına dəstək məqsədi daşısa da, reallıqda ciddi qüsurlar var:
"Bu vəziyyət, Azərbaycan təhsilində illərdir davam edən sistemsizliyin, səriştəsizliyin və məsuliyyətsizliyin açıq təzahürüdür. Burada əsas məsələ təkcə bir videodərsin keyfiyyətsiz olması deyil, ümumilikdə təhsil sahəsində qeyri-peşəkar yanaşmanın və səthi hazırlığın hökm sürməsidir".
Ekspert qeyd edir ki, əgər müəllimlərə təqdim olunan materiallarda bu qədər kobud səhvlər varsa, suallar qeyri-dəqiq və anlaşılmazdırsa, dərsliklərə istinad edildiyi halda faktlar uyğun gəlmirsə, bu, bir neçə mühüm problemin göstəricisidir:
"Bu cür dərsləri hazırlayanların və təsdiqləyənlərin hansı kriteriyalar əsasında seçildiyi, onların real pedaqoji və metodik biliklərinin səviyyəsi ciddi sual altındadır. Təhsilin ən mühüm sütunlarından biri olan müəllimlər üçün hazırlanan materiallar belə bəsit səhvlərlə doludursa, bunu hazırlayanlar hansı biliyə əsaslanaraq bu işə rəhbərlik edirlər? Bu vəziyyət bir daha göstərir ki, təhsil sahəsində keyfiyyətə nəzarət yoxdur. Nə üçün belə videodərslər ictimaiyyətə təqdim olunmazdan əvvəl mütəxəssislər tərəfindən yoxlanılmır? Yoxlanılırsa, bu qədər açıq səhvlərin ortaya çıxması nə deməkdir?"
Kamran Əsədov vurğulayır ki, sertifikatlaşdırma prosesi təhsilverənlərin bilik və bacarıqlarını ölçmək üçün nəzərdə tutulub:
"Lakin bu prosesin özündə bu qədər kobud səhvlər və qeyri-dəqiqliklər varsa, nəticə nə olacaq? Müəllimlərə qeyri-dəqiq məlumatlar təqdim olunur, onlara yanlış cavablar öyrədilir və sonra bu insanlardan keyfiyyətli təhsil vermək tələb edilir. Bu, bilə-bilə təhsilin səviyyəsini aşağı salmaq, müəllimlərin bilik və bacarıqlarına qəsdən zərbə vurmaqdır.
Ən pisi isə budur ki, illərdir təhsil sahəsində baş verən bu cür problemlərə baxmayaraq, heç bir qurum nə real islahatlar aparır, nə də yaranan problemlərə görə məsuliyyət daşıyır. Səhvlər olur, tənqidlər səslənir, amma nə dəyişir? Heç nə! Hər dəfə eyni səviyyəsizlik, eyni qeyri-peşəkar yanaşma və eyni laqeydlik davam edir. Bu o deməkdir ki, təhsil sahəsində həqiqi islahatlar etmək niyyəti yoxdur, sadəcə görüntü xatirinə addımlar atılır".
"Bu yanaşma ilə Azərbaycan təhsilinin inkişafı mümkün deyil. Əgər bu işə cavabdeh olanlar həqiqətən də təhsil sistemini yaxşılaşdırmaq istəyirlərsə, dərhal aşağıdakı tədbirləri görməlidirlər:
• Sertifikatlaşdırma dərslərinin keyfiyyəti tam şəkildə yenidən yoxlanılmalıdır.
• Dərsləri hazırlayan şəxslərin peşəkarlığı ciddi araşdırılmalı, bu sahədə səriştəsiz olanlar uzaqlaşdırılmalıdır.
• Müəllimlərin inkişafı üçün keyfiyyətli və etibarlı mənbələrdən istifadə olunmalıdır.
• Tənqidlərə qarşı müdafiə mövqeyi tutmaq əvəzinə, problemlərin həlli istiqamətində real addımlar atılmalıdır.
Bu səhvlərə yol verənlərin sadəcə bir üzrxahlıq etməsi və ya məsələni səssizcə ötürməsi kifayət deyil. Bu, ölkənin gələcəyini formalaşdıran müəllimlərə, dolayısı ilə şagirdlərə və bütövlükdə cəmiyyətə qarşı hörmətsizlikdir. Azərbaycan təhsilinin inkişafı üçün ilk növbədə qeyri-peşəkar yanaşmadan imtina edilməli, işinə ciddi yanaşan, həqiqətən bu sahədə mütəxəssis olan insanlara etimad göstərilməlidir. Əks halda, bu cür səriştəsizlik və məsuliyyətsizlik ölkənin təhsil sistemini daha da uçuruma sürükləyəcək" - təhsil üzrə mütəxəssis əlavə edib.