Paytaxtda bəzi hallarda ayrı-ayrı şəxs və ya şəxslər tərəfindən svetoforların elektrik xəttinə qanunsuz müdaxilə hallarına rast gəlinir. Növbəti belə bir hal Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Yenil il işıq çilçırağının naqilinin açıq formada işıqforun elektrik xəttinə quraşdırılması ilə bağlı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, qısa müddət ərzində Mərkəzin əməkdaşları tərəfindən bu cür qanunsuz hərəkətin qarşısı alınaraq, təhlükəsizlik təmin olunur.
"DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi belə şəxslərə müraciət edərək bildirir ki, svetoforların elektrik xəttinə hər hansısa bir avadanlığın quraşdırılması, xüsusilə də yağışlı havalarda qısaqapanmalara səbəb olur və nəticədə də nizamlayıcının kabel-kommunikasiya xətləri, idarəetmə qurğusu sıradan çıxır. Belə olduğu təqdirdə yol hərəkəti iştirakçılarının yoldan təhlükəsiz istifadə etməsində problemlər yaranır. Xatırlatmaq istərdik ki, svetoforlara kənar avadanlıqların quraşdırılması və qoşulması qadağandır və bu məsuliyyət yaradır", - açıqlamada bildirilir.