"Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?" - Ekspert

14:02 - 23 Dekabr 2024 - SİYASƏT

Xəbərlərdə gördüm ki, ölkədə tədavülə yeni dizaynlı 3 qəpiklik sikkə buraxılıb. Bu ilin məlumatlarını tapmadım, amma, 2023-cü ilin yanvar-niyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib, ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, REAL Partiyasının sədri Natiq Cəfərli bildirib. Natiq Cəfərlinin sözlərinə görə, Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib:

"Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub. Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub. 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir.

Onu da deyim ki, qəpiklər müxtəlif maretallardan hazırlanırlar, 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanırlar".

Ekspert qeyd edir ki, istənilən halda ən aşağı tariflərlə götürərək, çəkisinin isə 3,45 qram olduğunu bilərək, demək olar ki, 3 qəpiklik sikkənin maya dəyəri, hazırlanması, gətirilməsi, təqribən, 25-30 qəpiyə başa gəlir:

"Mən anlayıram ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır, amma, məntiq var da, 1, 3, 5 qəpikliklərin dövriyyədə olması indiki inflyasiya, bahaçılıq, kartla ödənişlərin kəskin artdığı şəraitdə nəyə lazımdır ki?! Bəlkə kimlərinsə bu sikkələrin hazırlanmasında, daşınmasında marağı var?! Çünki, Dövlətin marağı ola bilməz, mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır axı?!"

Xəbər xətti