Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən daha bir qrup ümumi təhsil müəssisəsinin direktoru ilə görüş keçirib.
Bu barədə Ucnoqta.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Sabunçu rayonunun məktəb direktorları iştirak ediblər.
Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların əsas istiqamətləri, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlər haqqında söhbət açıb.
Nazir bildirib ki, ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlər hər zaman aktualdır. Çünki təhsil sahəsindəki qlobal rəqabət daha çevik addımları və yeniliklərin tətbiqini zəruri edir.
Ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyətini genişləndirmək üçün əsas hədəfləri sadalayan Emin Əmrullayev bu prosesdə yenilikçi və yaradıcı məktəb idarəetməsini prioritetlərdən biri kimi vurğulayıb. Nazir məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin icra vəziyyətini və təhsildə keyfiyyətin artırılmasına xidmət edən fəaliyyətləri təhlil edib, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamların üzərində xüsusi dayanıb.
Nazir görüşdə ümumi təhsilin qarşısında duran müasir çağırışlar, vətəndaş məmnunluğunun artırılması, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə də diqqət çəkib.
Təhsil sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərdən daha effektiv istifadənin əhəmiyyətinə toxunan Emin Əmrullayev bu sahədə mövcud olan real imkanların şəffaflığı artırdığını vurğulayıb.
Məktəblərdə öyrənmə mühitinin təkmilləşdirilməsi və yaradıcı yanaşma üçün yaradılan şəraitdən söz açan Emin Əmrullayev, həmçinin idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətini nəzərə çatdırıb.
Görüş zamanı məktəb və müəllim nüfuzu, təhsil müəssisələrindəki qabaqcıl təcrübələrin genişləndirilməsi ətrafında müzakirələr aparılıb. Məktəblərdə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində təkliflər irəli sürülüb və bu sahədəki problemlərin həlli yolları müzakirə olunub.
Nazir sağlam mənəvi-psixoloji mühitin qorunması, qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bunlarla bağlı müvafiq tövsiyələrini verib.
Görüş çərçivəsində məktəb direktorları qarşılaşdıqları problemlər və digər müvafiq mövzular barədə söz açıb, qeyd olunan məsələlərin həlli yolları müzakirə edilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Qeyd edək ki, paytaxtın məktəb direktorları ilə görüşlər davam etdiriləcək.