3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, forumun təşkilində məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
İki gün davam edəcək forumun ilk günündə "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi", “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-sənaye əməkdaşlığı” mövzusunda panel sessiyaları təşkil ediləcək.
Forumun ikinci günündə isə SABAH karyera sərgisi təşkil olunacaq. Eyni zamanda “Liderlikdə vizyon və strategiya: uğurun açarı“ panel sessiyasında müzakirələr aparılacaq.
Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı, SABAH məzunlarının “TEDx” formatında çıxışları, intellektual yarışların təşkili də planlaşdırılır.