MEDİA-nın yeddinci könüllülük proqramı başlayıb

17:01 - 18 Oktyabr 2024 - MEDİA

Oktyabrın 18-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov könüllülərə Agentliyin fəaliyyət istiqamətləri, könüllülük sistemi barədə danışıb. O, həmçinin jurnalistika ixtisasında təhsil alan gənclərin media təhsilinin və savadlılığının yüksəldilməsi, praktiki və nəzəri biliklərinin artırılması üçün belə layihələrin önəmli olduğunu, eyni zamanda, MEDİA Agentliyinin könüllük proqramı çərçivəsində həyata keçirdiyi müxtəlif təlim və seminarların gənclərin sözügedən sahədə fəal iştirakına şərait yaratmasına, yaradıcı-innovativ potensialının stimullaşdırılmasına, gənc mütəxəssislərin yetişdirilməsinə töhfə verdiyini bildirib.

Bununla yanaşı, üç ay davam edəcək “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında müzakirələr aparılıb, könüllülərin fikir və təklifləri dinlənilib, iştirak edəcəkləri təlimlərdən, təcrübə keçəcəkləri media subyektlərindən və görüləcək işlərdən bəhs edilib.

Qeyd edək ki, cari ilin oktyabr ayından növbəti ilin yanvar ayındək davam edəcək yeddinci “Könüllülük Proqramı”na 39 gənc qatılıb.

Xəbər xətti