“Sea Breeze”də 360 mənzili bir adama satmışam - Emin

11:08 - 12 Sentyabr 2024 - Cəmiyyət

Bakı yaxınlığında, Nardaran və Bilgəhdə dəniz kənarında inşa edilən supermüasir yaşayış və istirahət kompleksi "Sea Breeze Resort"a iri investisiyalar yatırılır. 

Ucnoqta.az Fed.az-a istinadla xəbər verir ki, burada inşa edilən minlərlə mənzil investorlar üçün maraqlı yatırım hədəfinə çevrilib. Artıq burada yatırım rekordları qeydə alınmaqdadır. 

İndiyədək kompleksə ən böyük yatırım bir investor tərəfindən 3 binanın alınması olub. Bu barədə kompleksin sahibi və rəhbəri Emin Ağalarov bildirib. Onun sözlərinə görə, bir investor sözügedən binalardakı 360 mənzilin hamısını alıb: 

"Müştəri yaxınlaşdı, layihəyə inandı və bildirdi ki, yaxşı endirim edilsə, 3 bina, buradakı 360 mənzilin hamısını alacaq. Biz ona 1 il vaxt verdik, bu müddət ərzində binalar hazır olacaq. Bu, indiyədək qeydə alınan ən böyük satış müqaviləmizdir", - deyə E.Ağalarov bildirib. 

"Sea Breeze"in sahibi bildirib ki, müştəri bu 360 mənzili sonradan, layihə bitəndən sonra satmaq üçün alır: 

"O bilir ki, bu alqı-satqıdan 50% qazanacaq". 

Kompleksə böyük məbləğ yatıran 2-ci müştəri isə 100 mənzil alıb. Emin Ağalarov bildirib ki, ümumilikdə kompleksdə 1700 mənzil vardı və 2-ci müştəri gəldikdə onlardan cəmi 100 mənzil qalmışdı, həmin investor da satışda olan sonuncu 100 mənzilin hamısını əldə edib: 

"Layihə bitdikdən sonra həmin investor ikitərəfli qazanacaq – indi kvadratmetri 1500 dollara alınan təmirsiz mənzilləri o, layihə bitdikdən sonra 3000-3500 dollara asanlıqla sata biləcək". 

Emin Ağalarov bildirib ki, kompleksdəki mənzilləri təmirsiz alıb, sonradan təmir edib satmaq çox gəlirlidir: 

"Mən bank olsaydım, bu mənziləri satmazdım, sadəcə təmir edib, sonradan təmirli satardım". 

Xəbər xətti